Energetika Nazirliyinin və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə "Etika və dövlət qulluğu" mövzusunda vebinar keçirilib. Onlayn təlim Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planına uyğun olaraq təşkil edilib.

Energetika Nazirliyinin etik məsələlər üzrə müvəkkili, Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov çıxış edərək, əvvəlcə 28 may Respublika Günü münasibətilə iştirakçıları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Keçirilən təlimin əhəmiyyətindən danışaraq, bu səpkili tədbirlərin mütəmadi həyata keçirildiyini və maarifləndirmənin vacibliyini qeyd edib, nazirlik tərəfindən dövlət qulluğunda çalışan gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi və peşəkar gənc mütəxəssislər kimi formalaşmasına göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb.

Sonra təlimçi Zaur İbrahimli tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn tələblər, davranış qaydaları barədə təqdimat nümayiş olunub. Etik davranış qaydalarının əsas prinsipləri və məqsədləri, etik dilemmalar, əxlaqi prinsiplər, peşə əxlaqı, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər diqqətə çatdırılıb, dövlət qulluqçusu üçün xidməti vəzifənin icrası ilə bağlı müəyyən edilən tələblər, rəhbər dövlət qulluqçusundan gözlənilən etik dəyərlər, etik davranış qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi və digər mövzularla bağlı müzakirələr aparılıb.

Vebinarda Energetika Nazirliyinin əməkdaşları və nazirlik yanında ictimai şuranın üzvləri iştirak ediblər.

Digər xəbərlər