- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Budapeştdə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının birgə seminarı işə başlayıb
13-15 may 2019-cu il tarixlərində Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Assosiasiyanın (NARUC) təşkilatçılığı ilə Budapeştdə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının təşəbbüs qrupunun (Black Sea Regulatory Initiative) növbəti texniki seminarı işə başlayıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sponsorluğu ilə təşkil edilmiş üçgünlük seminarda NARUC ekspertləri, ABŞ və Avropa ölkələrinin tənzimləyici qurumlarının, habelə Qara dəniz hövzəsi ölkələrinin tənzimləyici orqanlarının nümayəndələri iştirak edirlər.
Macarıstanın paytaxtında “Əlavə xidmətlər və balanslaşdırma” mövzusunda keçirilən seminarda Qara dəniz hövzəsi ölkələrindən olan iştirakçılar üçün təşkil edilmiş dəyirmi masada qiymətlərin müəyyənləşdirilməsi baxımından vacib olan texniki və detallı məlumatın toplanması sahəsində göstərilən səylərin, həmçinin əlavə xidmətlər və balanslaşdırma üçün xərclərə əsaslanmış qiymətləndirmənin müzakirəsi keçirilir.
Qeyd edək ki, bu mexanizm bölgədə transmilli xarakter daşıyan addımların atılması və bazarların balanslaşdırılması təşəbbüsünü ehtiva edir. Ekspertlər qrup tapşırıqlarında iştirak edir, dəyirmi masalardakı təqdimatlara qatılırlar. Nümayəndələr işlənib hazırlanmış subregional təşəbbüslər haqqında məlumat verir, uğur hekayələrini iştirakçıların diqqətinə çatdırırlar.
Tədbirdə Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının assosiativ üzvü olan Azərbaycan Respublikası Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəsmi nümayəndəsi də iştirak edir.