<

Energetika naziri Pərviz Şahbazov ilə BP-nin Qlobal Upstrim Regionlar üzrə Əsas Əməliyyatçısı Uilliam Lin, eləcə də şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun daxil olduğu nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Energetika Nazirliyi ilə BP arasında bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə imzalanmış “Anlaşma Memorandumu”ndan irəli gələn məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamında bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsinin ayrıca bir istiqamət kimi vurğulanır. Bu Sərəncamla müəyyən edilmiş hədəflərə nail olunması və bərpa olunan enerji sahəsinin inkişafında BP ilə əməkdaşlıq mühüm rol oynayacaqdır.

Uilliam Lin də Azərbaycanla enerji sahəsində uzunmüddətli əməkdaşlıqdan və bərpa olunan enerji mənbələrindən istifadə üzrə də BP ilə əməkdaşlığa dəyər verilməsindən məmnunluğunu ifadə edib.

Görüşdə BP-nin ölkəmizdə həm günəş, həm də külək enerjisi sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduğu qeyd edilib. Bildirilib ki, gələcəkdə BP-nin iştirakı ilə həyata keçiriləcək layihələr Azərbaycanın enerji balansında bərpa olunan enerjinin payının artmasına, eləcə də dayanıqlı inkişafa töhfə verəcəkdir.

Digər xəbərlər