<

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətinə məxsus saytda Birgə Hökumətlərarası Komissiyanın cari ilin 22 may tarixində keçirilmiş 3-cü iclasına və Azərbaycan-Böyük Britaniya əlaqələrinin bərpa olunan enerji sahəsində yeni əməkdaşlıqla möhkəmləndirilməsinə həsr olunmuş məqalə yer alıb.

Yazıda Böyük Britaniya və Azərbaycanın bərpa olunan enerji sahəsinin inkişafı da daxil olmaqla energetika sektorunun qarşısında duran çağırışlara uyğun birgə səyləri yeniləmək niyyətlərindən bəhs edilib. Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi və Energetika naziri Pərviz Şahbazovun iqtisadiyyatları diversifikasiya etmək, yaşıl enerjiyə sərmayə qoymaq və bərpa olunan enerji sahəsində imkanlardan istifadə etməklə bağlı razılığa gəldikləri qeyd olunub.

Bildirilir ki, Böyük Britaniya bərpa oluna bilən enerji sektorunda və təmiz enerji istehsalında dünya lideridir və emissiyaları hər hansı digər “Böyük Yeddilik” ölkələri ilə müqayisədə daha sürətli şəkildə azaldır. Külək enerjisi, yaşıl maliyyə və tullantıların idarəolunması üzrə aparıcı ölkə olan Birləşmiş Krallıq iqtisadiyyatın diversifikasiyasında Azərbaycanı dəstəkləməyə hazırdır.

“Azərbaycanın Böyük Britaniyanın mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 66,4 % artaraq 1 milyard funt həcmində olub. Bu da həm Britaniya, həm də Azərbaycan biznesləri, istehlakçılar və ixracatçılar üçün potensial imkanların göstəricisidir”, deyə yazıda vurğulanır.  

Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi deyib: “Hazırda 400-dən çox Britaniya şirkətinin fəaliyyət göstərdiyi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrindən biridir və əsas ticarət tərəfdaşımızdır. 40 ildən artıq bir dövr ərzində ilk dəfə müstəqil ticarət siyasətimizə rəhbərlik etdiyimiz üçün Birləşmiş Krallıq iki ölkə arasında ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlı razılığa gəlib və bərpa olunan enerji ilə bağlı bugünki yenilənmiş öhdəlik bizi buna təşviq edən ilk addımdır.”

Məqalədə Azərbaycanda Böyük Britaniya investisiyasının ümumi investisiyanın 51%- təşkil etdiyi, enerji şirkətləri ilə yanaşı, SNC-Lavalin Atkins də daxil olmaqla bir sıra Britaniya şirkətlərinin regionda uğurla fəaliyyət göstərdiyi qeyd olunub.

"Atkins Azərbaycan" şirkətinin ölkə üzrə meneceri Ceyms Todd deyib: “Azərbaycan Atkins üçün maraqlı bir bazardır və biz şəhər master planlaşdırmadan bərpa oluna bilən enerji inkişafına qədər olan sahələrə əlavə dəyər qatmaq üçün çoxşaxəli inteqrasiya təcrübəsi və yerli tərəfdaşlıqlarımızı istifadə etməyə çalışırıq. Son üç ildə güclü artım yaşadıq və inkişaf edən bir iqtisadiyyat, Böyük Britaniyanın güclü dəstək şəbəkəsi, təcrübələrimizə uyğun olaraq artan bazar xidmətlərinin dəstəyi ilə bunun gələcəkdə davam etməsini gözləyirik.”

Yekun nəticə olaraq vurğulanır ki, Böyük Britaniya və Azərbaycan artıq güclü siyasi və ticari əlaqələrdən bəhrələnir və Böyük Britaniya şirkətləri Azərbaycan tərəfdaşları ilə birlikdə araşdırma və inkişafa investisiya qoyuluşu, bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə və təhsilin təşviqi ilə bağlı birgə maraqları dəstəkləmək üçün çalışmalıdırlar.  

Məqaləni aşağıdakı linkə keçid etməklə oxuya bilərsiniz.

https://www.gov.uk/government/news/uk-and-azerbaijan-commit-to-fresh-partnership-on-renewable-energy

Digər xəbərlər