<

Energetika Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) nümayəndə heyəti ilə bərpa olunan enerjinin inkişafı və səmərəli, rəqabətədavamlı enerji bazarının yaradılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib. Energetika nazirinin müavini Samir Vəliyev BMK-nın Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsində iştirakını xatırladıb və yeni əməkdaşlıq imkanlarından bəhs edib. Nazir müavini Azərbaycanda enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrinin inkişafı  ilə bağlı görülən işlər barədə məlumat verib. Ölkədə bərpa olunan enerji üzrə qanunvericiliyinin, enerji bazarı üzrə qanun layihəsinin hazırlanmasında dövlət və özəl sektor, eləcə müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

BMK-nın Qafqaz və Rusiya üzrə regional direktoru Yan Van Bilsen təmsil etdiyi qurumun Dünya Bankı qrupuna daxil olduğunu və Azərbaycanla enerji sektoru dqa daxil olmaqla müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq etdiyini qeyd edib. Bildirilib ki, Korporasiya müxtəlif ölkələrdə bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi sahəsinə özəl sektorun cəlb edilməsi, hərracların keçirilməsi üzrə zəngin təcrübəni Azərbaycanla bölüşməyə hazırdır. Bərpa olunan enerji mənbələrindən istifadənin bazar mexanizmləri əsasında inkişafının, istehsalçılar arasında rəqabət mühitinin yaradılmasının və bu sahədə özəl şirkətlərin iştirakına təminat verilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə ölkəmizdə bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi üçün Beynəlxalq Maliyyə Korporasiyasına təkliflərin verilməsi razılaşdırılıb.

Digər xəbərlər