<

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov arasında videokonfrans keçirilib. 
Zaur Məmmədov Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişaf perspektivləri, bu sahədə görülən işlər və həyata keçirilən cari layihələr barədə danışıb. Bildirib ki, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, müvafiq qurumlarla razılaşdırılıb və Nazirlər Kabinetinə təqdim olunub. Z.Məmmədov Azərbaycanda bərpa olunan enerji layihələri üzrə hərracların keçirilməsinə hazırlıq işlərinin aparıldığını da qeyd edib. 
İRENA-nın baş direktoru Francesco La Camera təmsil etdiyi beynəlxalq qurumla Azərbaycan arasında uzun müddət davam edən səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edərək, az karbonlu enerji keçidini sürətləndirmək və davamlı inkişafa nail olmaq üçün IRENA-nın Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə tərəfdaşlıq etdiyi haqqında məlumat verib və bu əməkdaşlıq çərçivəsində Azərbaycanla əlaqələrin genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.
Videokonfrans zamanı Azərbaycanda bioenerji xəritəsinin hazırlanması, hərraclar üçün külək enerjisi üzrə ölçü müşahidə işlərinin aparılması və külək göstəricilərinə dair dünyada qəbul olunmuş standartlara uyğun məlumatların toplanması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edilib. Birgə layihələrlə bağlı ətraflı fikir mübadiləsi aparan və qarşıda duran məsələləri müzakirə edən tərəflər iki qurum arasında əməkdaşlıq əlaqələrinin yüksək qiymətləndirildiyini və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inandıqlarını ifadə ediblər.
 

Digər xəbərlər