<

2020-ci ilin birinci yarısında “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncama əsasən hazırlanmış “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda,  digər normativ hüquqi aktların layihələri hazırlanıb.
Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi ilə bağlı işlər isə davam etdirilib. Layihə çərçivəsində Böyükşor gölünün səthində 800 m2 sahədə günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Yerli potensial podratçıların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, qurğuların istifadəsi ilə bağlı potensialın artırılması ilə əlaqədar  müzakirələr aparılıb. Böyükşor gölündə 100 kVt-lıq gücündə  pilot üzən günəş stansiyasının tikilib istifadəyə verilməsi ilə yanaşı, ölkə üzrə üzən günəş fotovoltaik sistemlərinin ümumi potensialının hesablanması və Böyükşor gölündə daha böyük gücə malik üzən günəş fotovoltaik stansiyasının texniki-iqtisadi əsaslandırılmasının işlənib hazırlanması nəzərdə tutulub. 
Böyükşor gölünün yaxınlıqda yerləşən mövcud və tikintisi planlaşdırılan 220/110/35 kV-luq yarımstansiyalar vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulmanın mümkünlüyü barədə rəyin bildirilməsi və qoşulma üçün texniki şərt verilməsi üçün “Azərenerji” ASC-yə müraciət edilib. 
Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasındakı əməkdaşlıq çərçivəsində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsinin icrası da davam etdirilib. Məsləhətçi şirkət tərəfindən  hazırlanan  PPA (elektrik enerjisinin satınalınması müqaviləsi), CA (qoşulma müqaviləsi) və hərrac qaydaları, eyni zamanda hərracla bağlı digər sənədlər üzrə müzakirələr aparılıb.   
Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatı Energetika Nazirliyinə təqdim edilib.
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi  və gələcəkdə bu sahəyə investisiya qoyuluşunun təşviqi məqsədilə bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq münasibətlərinin qurulması çərçivəsində anlaşma memorandumu imzalanmış şirkətlərin sayı 11-ə çatıb. Əməkdaşlıq sənədləri imzalanmış şirkətlər bunlardır:- Türkiyənin “Tekfen İnşaat”, Rusiya Federasiyasının “Avelar Solar”, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Norveçin “Equinor A.S”, Fransanın “Total Eren”, Böyük Britaniyanın “BP”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Yaponiyanın “Mitsui&CO”, Fransanın “Lucia Holding”, İtaliyanın "Ansaldo Energia" və  Birləşmiş Ərəb Əmirliklərinin “Al-Maktub” şirkətləri. 
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncamından irəli gələn tapşırıqların icrası ilə bağlı yaradılmış Komissiyanın fəaliyyət istiqamətləri üzrə aidiyyəti qurumların rəhbərliyi ilə təsis edilmiş 7 işçi qrup öz işini davam etdirib.  
Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında imzalanmış İcra müqavilələrinə uyğun olaraq, 240 MVt gücündə külək və 200 MVt gücündə günəş elektrik stansiyalarının tikintisinin reallaşdırılması nəzərdə tutulan sahələrə aidiyyəti dövlət orqanları nümayəndələrinin iştirakı ilə səfərlər edilib və torpaqla bağlı məsələlər həll edilib.
Şəbəkənin güclən¬dirilməsi və şəbəkəyə inteqrasiya üzrə İşçi qrup tərəfindən pilot layihələrin enerjisistemə inteqrasiyası ilə bağlı ilkin sxemlər müzakirə edilib, enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən beynəlxalq standartlara müvafiq tələblər və şəbəkənin gücləndirilməsinə dair görüləcək işlər müəyyənləşdirilib.
Beynəlxalq məsləhətçi şirkət cəlb olunmaqla investorlarla imzalanması nəzərdə tutulan “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin layihələri hazırlanıb və investorlara təqdim edilib.
Qeyd edək ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və qarşıya qoyulmuş hədəflərə nail olunması istiqamətində beynəlxalq təcrübəyə əsaslanan və qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının dövrlər üzrə mərhələli şəkildə artırılmasının optimal variantların müəyyənləşdirilməsi ilə əlaqədar Almaniyanın VPC şirkəti ilə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Hazırlanacaq təkliflər 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması ilə bağlı elektrik enerjisi şəbəkəsində müvafiq təhlillər aparılaraq dövrlər üzrə qoşulma imkanlarının öyrənilməsini, inteqrasiya və gücləndirmə ilə bağlı tədbirlərin müəyyənləşdirilməsini, habelə pilot layihələrin şəbəkəyə qoşulması ilə bağlı texniki məsləhət xidmətlərinin verilməsini ehtiva edir. Müvafiq təkliflərin yaxın zamanlarda şirkət tərəfindən Energetika Nazirliyinə təqdim edilməsi və yekunlaşdırıldıqdan sonra razılaşdırılaraq  Nazirlər Kabinetinə təqdim edilməsi planlaşdırılır. 
 

Digər xəbərlər