<

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 may tarixli iclasında təsdiq ediImiş "Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi üzrə Tədbirlər Planı”nın icrası müzakirə edilib. On tədbir üzrə görülən işlər diqqətə çatdırılıb. 
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrası istiqamətində torpaqla bağlı məsələlərin həll edildiyi, külək-ölçü müşahidə stansiyalarının quraşdırıldığı, “Enerji alqı-satqı Müqaviləsi”, “İnvestisiya Müqaviləsi”, “Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi” və “Torpaq İcarə Müqaviləsi” sənədlərinin investorlara təqdim edildiyi və imzalanmanın gələn aya planlaşdırıldığı qeyd olunub. İnvestorlara veriləcək maliyyə və qeyri-maliyyə öhdəlikləri üzrə dövlət zəmanətləri müəyyənləşdirildiyi, layihələrin iqtisadi, ekoloji və sosial qiymətləndirilməsinin aparıldığı diqqətə çatdırılıb. Bildirilib ki, şəbəkənin gücləndirilməsi və layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı enerjisistemin idarə olunması, elektrik enerjisinin ötürülməsi, rele-mühafizə və avtomatika üzrə tədbirləri əhatə edən müvafiq texniki şərt layihələri və qoşulma sxemləri hazırlanıb, eyni zamanda ən optimal variantın seçilməsi üzrə tədbirlər davam etdirilir.  
Qeyd olunub ki, qoyuIuş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-a çatdırılması məqsədilə elektrik şəbəkəsinə qoşulacaq əlavə güclərin dövrlər üzrə optimal həddinin müəyyən edilməsi tədbiri üzrə məsləhətçi şirkət cəlb etməklə müvafiq təkliflərin hazırlanmasına başlanılıb. Bərpa olunan enerji üzrə əlavə güclər üçün ərazilərin müəyyən edilməsi və hərraca çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb.  
Bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı təkliflər təqdim etmiş şirkətlərlə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.  
Bərpa olunan enerji mənbələri ərazilərində elektrik stansiyalarının tikintisinə icazələrin və istismara qəbulun sadələşdirilmiş prosedurlarının hazırlanmasından irəli gələn məsələlər də müzakirə edilib.  
 

Digər xəbərlər