<

Azərbaycan Respublikası Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire arasında onlayn görüş keçirilib.

Zaur Məmmədov tarixi qələbəmizin və işğal altında olan torpaqlarımızın azad olunmasının ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, enerji layihələrimizin də təhlükəsizliyini daha etibarlı təmin edəcəyini qeyd edib.

Daha sonra Azərbaycanda energetika sahəsində islahatlar, ənənəvi energetika, liberal bazar mexanizmlərinə keçid, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində hazırlanmış qanunvericilik aktları haqqında məlumat verilib və “Energetika haqqında” qanun layihəsinin hazırlanma prosesinin davam etdirildiyi bildirilib. Eyni zamanda, bərpa olunan enerji sahəsində görülən işlər, günəş və külək enerjisi sahəsində həyata keçirilən pilot layihələr, sahə üzrə beynəlxalq əməkdaşlıq məsələləri, ölkəmizdə bərpa olunan enerji potensialı, o cümlədən dənizdə külək enerjisindən istifadə perspektivləri barədə məlumat verilib.

Görüşdə işğaldan azad edilmiş regionların bərpa olunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisi üzrə yüksək potensiala malik olması da xüsusilə vurğulanıb. Həm bu sahələr üzrə, həm də Azərbaycanda dənizdə külək enerjisi, enerjinin saxlanması, hidrogen enerjisi sahələrinin inkişafı istiqamətində birgə əməkdaşlıq imkanlarının araşdırılmasının məqsədəuyğun olacağı qeyd edilib və qarşı tərəfdən ünvanlanan suallar cavablandırılıb.

Digər xəbərlər