- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Bakıda “OPEC plus” ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Bakıda “OPEC plus” ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası keçirilib. İclasda OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, Nazirlərin Birgə Monitorinq Komitəsinin sədri, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edib. Tədbirə həmçinin OPEC üzvləri Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEC ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruneyin nazir və yüksək səviyyəli nümayəndə heyəti qatılıb.
Energetika naziri Pərviz Şahbazov çıxışında qədim neft diyarı Bakıda “OPEC plus” tədbirinin keçirilməsi təklifinin qəbuluna görə təşəkkürünü bildirib. Bu tədbirin dünyada neftin sənaye üsulu ilə çıxarıldığı ilk məkanda, ilk dəniz platformasının vətənində, birinci neft boru kəmərinin inşa edildiyi ölkədə-Azərbaycanda keçirilməsini neft sənayesi tarixində mühüm hadisə adlandırıb. Nazir dünya neft sənayesinin inkişafında Azərbaycanın müasir rolunu isə neft qiymətinin sabitləşdirilməsi məqsədilə “OPEC” plus formatının yaradılması və bu prosesdə fəal iştirakı ilə xarakterizə edib. Onun sözlərinə görə, OPEC+ formatı qlobal enerji bazarına təsir gücü olan səmərəli bir əməkdaşlıq platformasıdı: “Qəbul edilən qərarlar nəticə veririr. Saziş üzvləri arasında həmrəylik var. Bu həmrəylik neftin qiymət sabitliyi, tələb-təklif tarazlığı üçün zəruri addımları təmin edir. OPEC+ nazirlərinin görüşləri, Bigə Monitorinq Komitəsinin iclasları həm neft istehsalçıları, həm neft istehlakçıları, həm də dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Çünki məhz bu müzakirələr vasitəsilə gələcək inkişafın konturları müəyyənləşir.”
Nazir bir daha bəyan edib ki, Azərbaycan neft bazarında balanslaşmanın təmin olunması üçün bundan sonra da dəstəyini verməyə hazırdır.
Birgə Monitorinq Komitəsinin sədri, Xalid Əbdüləziz Əl Falih isə ötən ilin son rübü ilə müqayisədə neft bazarında müsbətə doğru dəyişikliyin baş verdiyini, lakin hələ də risklərn qaldığını, ona görə də bütün iştirakçıların ciddi atımlar atmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, hazırda əsas məqsəd neft hasilatını arzuolunan səviyyədə saxlamağa nail olmaqdır. OPEC və qeyri-OPEC ölkələri arasında müzakirə olunan Əməkdaşlıq Xartiyasının gələcəkdə qəbulu ilə neft bazarının tənzimlənməsinə davamlı dəstəyin veriləcəyinə əminlik ifadə edilib.
Rusiya energetika nazirinin müavini Pavel Sorokin çıxışında dekabr qərarının neft baarına təsirini yüksək qiymətləndirib. Ölkəsinin OPEC plus sazişi üzrə əməkdaşlığa sadiqliyini və öhdəliklərin icrasında səylərini gücləndirəcəyini qeyd edib.
OPEC prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes ölkəsində neft hasilatı üzrə göstəriciləri diqqətə çatdırıb və bildirib ki, Venesuela yeni “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərdən azad edilsə də, hazırda qlobal neft bazarına mühüm dəstəyi təmin edir.
Salamlama nitqlərindən sonra OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı dinlənilib.
Bildirilib ki, Nazirlərin Birgə Monitorinq Komitəsi 2016-cı ilin dekabr ayından etibarən neft bazarında sabitliyin dəstəklənməsində “Əməkdaşlıq” Bəyannaməsinin rolu həlledici olub və bu prosesin davamlı olması üçün iştirakçı ölkələrin öhdəlikləri var. “OPEC plus” ölkələri üzrə bu öhdəliklərin icrası yanvar ayı ilə müqayisədə fevral ayında 83 % -dən 90%-ə yüksəlib. Komitə cari ildə qlobal bazarda ciddi qeyri-müəyyənliklərin olduğunu əsas gətirərək bazarda sabitliyin bərpası və yenidən balansın pozulmasının qarşısını almaq üçün bütün iştirakçıların məsuliyyət daşıdığını bəyan edib. 7 dekabr 2018-ci il tarxində qəbul edilmiş OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin 5-ci görüşündə qəbul edilmiş qərara uyğun götürülmüş öhdəliklərin tam yerinə yetirilməsi üçün tədbirdə iştiak etməyən ölkələr də daxi olmaqla bütün üzvlərə çağırış edilib.
Bundan başqa, aprel ayına planlaşdırılan Nazirlər Görüşü ləğv edilərək, OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının isə may ayında Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilməsi razılaşdırılıb.
İraq, Qazaxıstan, Nigeriya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC plus Nazirlərinin Birgə Monitorinq Komitəsinin yeni üzvləri seçiliblər.