Energetika Nazirliyi, tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) nümayəndələri ilə Bakı Mühəndislik Universitetinin (BMU) tələbə və müəllim heyəti arasında onlayn görüş keçirilib. 

Görüşün əsas məqsədi Energetika Nazirliyinin və tabeli qurumlarının rəsmi internet səhifəsində yer alan tələbələr üçün faydalı ola biləcək məlumatları bölüşmək və informasiya əlçatanlığını asanlaşdırmaq olub.

Görüşü giriş nitqi ilə açan Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri Cahid Mikayılov tələbələrlə həyata keçirilən bu kimi görüşlərin əhəmiyyətini vurğulayaraq qurumların əsas fəaliyyət istiqamətləri, energetika sahəsində həyata keçirilən tədbirlər və yeniliklər barədə tələbələrə ətraflı məlumat verib.

BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri Ramiz Hümbətov isə qurumlarla qarşılıqlı əlaqələrin tələbələrin təhsil və iş həyatlarına töhfə verəcəyini diqqətə çatdıraraq əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi yönündə planlaşdırılan tədbirlərdən danışıb.

Daha sonra sözügedən qurumaların rəsmi internet səhifələrində yer alan məlumatlandırıcı və maarifləndirici məlumatlar tələbələrlə bölüşülüb.

Görüş təcrübə proqramları və işə qəbul qaydaları ilə bağlı tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

 

Digər xəbərlər