- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
AzTU-nun tələbələri ilə onlayn görüş keçirilib
Energetika ixtisası üzrə təhsil alan tələbələrlə məlumatlılığın artırılması prosesinə dəstək məqsədilə keçirilən görüşlərin davamı olaraq, yanvarın 23-də Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin tələbələri ilə onlayn görüş keçirilib. Görüşdə həmçinin, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının üzvləri, karyera mərkəzinin nümayəndələri və universitetin müəllim heyəti də iştirak ediblər.
Tədbirdə çıxış edən Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov və AERA-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Günel Əhmədova qurumların fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verərək, Azərbaycanda energetika və enerji tənzimləmə sahəsinin inkişafı üzrə görülən işlər barədə söz açıblar. Eyni zamanda, nazirliyin Dövlət qulluğu və kadrlar şöbəsinin əməkdaşı tərəfindən tələbələrə gələcək işlərinə dair aydın təsəvvürün formalaşdırılması ilə bağlı karyera planlaşdırılması və iş axtarma yolları, həmçinin dövlət qulluğu imtahanı barədə ətraflı məlumat verilib.
Görüşdə tələbələrin maarifləndirilməsi istiqamətində məlumat mübadiləsinin zəruriliyi qeyd edilib. Energetika Nazirliyinin və AERA-nın internet resurslarında tələbələr üçün faydalı ola biləcək elektron məlumatlardan, o cümlədən illik hesabatlardan, onların müvafiq sahədə bilik və məlumatlılıq səviyyələrini artıracaq bölmələrdən, qurumların sosial media səhifələrindən istifadəyə diqqət çəkilib və tələbələrin sualları cavablandırılıb.