- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanın Energetika naziri Rusiyanın Enerji Həftəsində
Energetika naziri Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı beynəlxalq forumda iştirak edib. “Qeyri-sabit dünyada enerji bağlantılarının qorunması” mövzusunda olan panel sessiyada siyasi proseslərin qlobal enerji bazarına təsirləri, enerji əməkdaşlığının dövlətlərarası münasibətlərdə rolu və dünya enerji balansında neftin mövqeyi ilə bağlı müzakrələr aparılıb. Nazir Pərviz Şahbazov çıxışında iqtisadi, ekoloji və geosiyasi amillərin təsirlərinə baxmayaraq neftin dünya enerji balansında üstünlüyünü növbəti 30 il ərzində də qoruyub saxlayacağını qeyd edib. Bildirilib ki, hazırda dünyada iqtisadi inkişaf tempinin zəifləməsi və bir sıra digər faktorlarla əlaqədar neftə qlobal tələbat azalsa da, “OPEC plus” formatı çərçivəsində atılan addımlar neft bazarının tənzimlənməsinə töhfə verir: “Hazırda neft bazarını tarazlaşdıran əsas mexanizm “OPEC plus” formatında qəbul edilmiş qərarlardır. Bu qərarlar dəyişən vəziyyətə uyğun bazarın çevik tənzimlənməsinə xidmət edir. Neftin qiymətinin sabitləşdirilməsi ilə bağlı əsas hədəfə nail olunub və artıq ciddi şəkildə qiymət volatilliyi müşahidə olunmur. Səudiyyə Ərəbistanında neft obyektlərinə hücumlar kimi hadisələr neftin qiymətində dəyişliklərə səbəb olsa da, belə hallar müvəqqəti xarakter daşıyır və bazarda sabitlik təmin olunur” deyə, nazir əlavə edib.
Energetika naziri “OPEC plus” əməkdaşlıq formatının yaradılması ilə bağlı Azərbaycan Respublikası Prezdentinin təşəbbüsü, ölkəmizin bu prosesdə fəal iştirakından da bəhs edib. Nazir, həmçinin bu əməkdaşlığın davam etdirilməsinin və dünyada sabitlik üçün enerji resurslarının inkişafa yönəldilməsinin vacibliyini vurğulayıb.
Son 25 ildə Azərbaycanın neft-qaz sahəsində belə bir siyasət həyata keçirdiyini deyən nazir Pərviz Şahbazov hazırda bərpa olunan enerji sahəsində görülən işləri də diqqətə çatdırıb. Nazir bu sahədə hazırlanmış yeni qanun layihəsinin ilin sonuna kimi qəbulunun gözlənildiyini və bundan sonra hərracların keçiriləcəyini deyərək, forumda iştirak edən şirkətləri Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığa dəvət edib.
Energetika naziri Pərviz Şahbazov, həmçinin Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə də iştirak edib. Nazir çıxışında təbii qazın enerji resursu kimi artan rolundan və “Cənub Qaz Dəhlizi” layihəsinin strateji əhəmiyyətindən bəhs edib. İlk dəfədir ki, Azərbaycanın belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən qaz layihəsini həyata keçirdiyini deyən nazir bildirib ki, “Cənub Qaz Dəhlizi” sayəsində nəinki enerji təhükəsizliyi və enerji şaxələndirilməsi prioritetlərinə qlobal miqyasda töhfə veriləcək, həm də qaz ölkəsi kimi inkişaf təmin ediləcəkdir:
“Ölkədə qaz hasilatının hazırkı 30 mlrd. m3-dən qarşıdakı iki ildə 46 mlrd. m3-ə çatması, “Şahdəniz”dən başqa digər qaz yataqlarının işlənilməsinə başlanılması gözlənilən ilkin nəticələrdir”, deyə nazir bildirib.