- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupun iclası keçirilib
Ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatını etibarlı şəkildə təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Görüşdə Energetika Nazirinin müavini Samir Vəliyev, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin sədri Samir Axundov, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev, Almaniyanın VPC şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə “Azəristiliktəchizat” ASC-nin Kompleks diaqnostika və tövsiyələrə dair aralıq hesabatı təqdim olunub. Təqdimatda istilik təchizat sisteminin vəziyyəti, əsas fəaliyyət göstəriciləri, itkilərin təhlili, istilik enerjisinin uçotu, AİT istilik enerjisi xərcləri, ətraf mühitə təsir, tariflərin təhlili, istilik təchizatı üçün bərpa olunan enerji, diaqnostika - enerji səmərəliliyi, Bakı İES diaqnostika və alternativlərə dair məlumatlar öz əksini tapıb. Almaniyanın VPC şirkətinin ekspertləri tərəfindən təqdim edilən aralıq hesabatın xülasəsi aktiv müzakirə edilib, görüş iştirakçıları ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə təkliflərin hazırlanmasına dair fikir və mülahizələrini bölüşüblər.
Qeyd edək ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasına dair Tədbirlər Planı”nın bir hissəsi olaraq, ölkədə istilik təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması üzrə İşçi Qrupu yaradılıb.