<

17 fevral tarixində Azərbaycan Respublikası Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında fəaliyyət göstərən Birgə Texniki Komitənin ikinci iclası videokonfrans formatında keçirilib.
Komitənin Azərbaycan tərəfindən rəhbəri, energetika nazirinin müavini Kamal Abbasov iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişaf etdiyini, OPEC+ formatında intensiv əməkdaşlığın enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edilib ki, energetikanın müxtəlif sektorlarında, həm ənənəvi enerji daşıyıcıları, həm bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var və Texniki Komitənin iclasları bu potensialın reallaşdırılmasına, əlaqələrin gələcək inkişafına öz töhfəsini verəcəkdir. 
Komitənin Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin energetika nazirinin baş müşaviri Nasir Əl Dossari isə enerji sahəsində etibarlı əməkdaşlığın mövcud olduğunu, bu əməkdaşlıq əlaqələrinin inkişafının hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib. Ötən ilin sonunda Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələrin imzalandığı, yaxın gələcəkdə isə layihənin təməlqoyma mərasiminin keçiriləcəyinə diqqət çəkilib. İki ölkə arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişaf dinamikası yüksək qiymətləndirib.
İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, Səudiyyə Ərəbistanı Krallığının “Saudi Aramco”, “SABİC” və “ACWA Power” şirkətlərinin Azərbaycanda müvafiq sahələrdə layihələrdə iştirak və sərmayə  perspektivləri, eləcə də qaz kəşfiyyatı və hasilatın inkişafı, xarici investisiyaların təşviqi mexanizmləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Dairəvi karbon iqtisadiyyatı, elektroenergetika, bərpa olunan enerji, enerji səmərəliliyi sahələrinə dair qarşılıqlı təqdimatlar dinlənilib. Azərbaycanın, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizin bərpa olunan enerji potensialı, burada yaşıl enerji zonasının yaradılması planları, müvafiq sahə üzrə qanun layihəsinin hazırlanması və bərpa olunan enerji hərraclarının keçirilməsinə hazırlıq işləri haqqında qarşı tərəfə məlumat verilib. 
İclasda Azərbaycan tərəfindən Energetika Nazirliyi ilə yanaşı İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR) və “Azərenerji” ASC-nin nümayəndələri iştirak edib. Sonda Texniki Komitənin növbəti iclasının Azərbaycanda keçirilməsi razılaşdırılıb.
 

Digər xəbərlər