- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
İtaliyalı həmsədr Ermənistanın törətdiyi təxribatlarla bağlı Energetika Nazirliyinin məktubuna cavab verib
Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun Ermənistanın törətdiyi təcavüzlə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciətinə cavab məktubu daxil olub.
Məktubda İtaliya Hökumətinin cari ilin 27 sentyabr tarixindən etibarən təmas xətti boyunca şiddətli toqquşmalar başlayandan bəri baş vermiş hadisələri narahatlıqla izlədiyi bildirilərək, Azərbaycan ərazisində, xüsusilə Gəncədə yaşayış məntəqələrinə qarşı edilən hücumları, ballistik raket atəşlərinin kəskin şəkildə qınandığı və mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığı verildiyi qeyd edilir.
Eyni zamanda, məktubda “status-kvo”nun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın olduğu, iki onillikdən çox müddət ərzində nəticəsiz danışıqların Azərbaycan tərəfini narahat etməsinin tam anlaşılan olduğu qeyd edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT və ATƏT sənədlərində və qərarlarında təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyi bildirilib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazovun həmsədr olduğu Azərbaycan Respublikası ilə müvafiq ölkələr arasında hökumətlərarası komissiyaların qarşı tərəflərdən olan həmsədrləri Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, həmçinin strateji əhəmiyyətli enerji infrastrukturu obyektlərinin hədəfə alınması barədə məlumatlandırılıb.