- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın həmsədrləri Pərviz Şahbazov və Nurlan Noqayevin iştirakı ilə videokonfrans keçirilib
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri, Energetika nazirləri Pərviz Şahbazov və Nurlan Noqayevin iştirakı ilə videokonfrans keçirilib.
Görüşdə ortaq etnik-tarixi köklərə malik, dost və qardaş ölkələr-Azərbaycanla Qazaxıstanın münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından bəhs edilib. Hökumətlərarası Komissiyanın bu münasibətlərin möhkəmləndirilməsinə töhfələri qeyd edilib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının 2020-ci ilin oktyabr ayının ikinci yarısında keçirilməsi razılaşdırılıb. “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti, həmçinin Qazaxıstan neft məhsullarının Azərbaycana çatdırılması” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının ikinci iclasının isə sentyabrda keçirilməsi təklifinə baxılıb.
Videokonfransda “OPEC plus” çərçivəsində əməkdaşlıq və qlobal neft bazarının cari vəziyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb. Qazaxıstanın Energetika naziri Nurlan Noqayev hazırda neftin bir barrelinin 46 dollara yüksəlməsində OPEC və qeyri-OPEC ölkələrinin həyata keçirdiyi tədbirlərin mühüm rol oynadığını bildirib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov isə deyib ki, “OPEC plus” çərçivəsində qəbul edilmiş qərar hazırkı situasiyada yeganə mexanizm olduğunu sübuta yetirir: ““OPEC plus” razılaşmasının müsbət nəticələri göstərir ki, biz doğru qərar qəbul etmişik. Çalışırıq ki, bundan sonra da öhdəliyimizin 100 faiz icrasına nail olaq”.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətindən irəli gələn digər əməkdaşlıq məsələləri də müzakirə edilib.