- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan neft bazarının 2022-ci ilədək tənzimlənməsi prosesinə qoşulub
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən müzakirələrin yekununda yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. Qeyd edək ki, yeni ”Əməkdaşlıq Bəyannaməsi”gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. Lakin Meksika ”Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barrel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Meksika istisna olmaqla digər “OPEC plus” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər.
“Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC plus” ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 mln. barrel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 mln.barrel, qeyri-OPEC ölkələri üçün isə 3,915 mln. barrel müəyyən edilib. Qeyd edək ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxildir. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barrel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
2020-ci ilin iyul-dekabr aylarında isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib. Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.
“Əməkdaşlıq Bəyannaməsi”ndə 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.
Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Norveç, Argentina, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb. İclasda “OPEC plus” formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.
İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib: “Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir.”
Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir. “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu.