<

Brüsseldə NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin 29+1 formatında ilk dəfə enerji mövzusunda iclas keçirilib. İclasda Azərbaycanı energetika nazirinin müşaviri Esmira Cəfərova təmsil edib. “Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda çıxışısında E. Cəfərova ölkəmizin həyata keçirdiyi regional və qlobal əhəmiyyətli enerji layihələri, regional və qlobal enerji təhlükəsizliyinin təminatında rolu, eləcə də energetika sektorunda hazırda aparılan islahatlar və bərpa olunan enerji mənbələrinin payının artırılması istiqamətində görülən tədbirlərdən danışıb.

Tədbirdə iştirakçı NATO ölkələri Azərbaycanın Avropa və qlobal enerji təhlükəsizliyinin təminatında oynadığı rolu yüksək qiymətləndirən bəyanatlarla çıxış ediblər.

İclas çərçivəsində E. Cəfərova həmçinin NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşüb. Görüşdə Azərbaycan-NATO əlaqələrinin müsbət dinamikası kontekstində enerji məsələlərinin xüsusi rolu və Azərbaycanın etibarlı tərəfdaş kimi bu istiqamətdə səyləri müzakirə olunub.

Ceyms Appaturay bildirib ki, Cənub Qaz Dəhlizi öz geosiyasi əhəmiyyəti və enerji marşrutlarının şaxələndirilməsini təmin etməsi baxımından önəmli layihədir və Azərbaycan bu layihənin həyata keçirilməsidə vacib rol oynayır.

Ceyms Appaturay NATO dövlətlərinin Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi irimiqyaslı enerji layihələrini dəstəklədiklərini vurğulayraq, ölkəmizə qarşıya qoyulmuş vəzifələrin icrasında  uğurlar diləyib.

Digər xəbərlər