- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan apreldə gündəlik 771,4 min barrel neft hasil edib
2020-ci ilin aprel ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 771,4 min barrel olub. Bunun 679,8 min barrelini xam neft, 91,6 min barrelini kondensat təşkil edib. Gündəlik 640,3 min barrel xam neft, 86 min barrel kondensat, 23,6 min barrel neft məhsulları ixrac edilib.
Qeyd edək ki, “OPEC plus” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub.
“OPEC plus” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barrel, iyul-dekabrda 7,7 mln. barrel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 mln. barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul - dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.