- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub
Energetika nazirinin müavini Samir Vəliyevlə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji və Təbii Sərvətlər Bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikovanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə AYİB ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib. Neft-qaz sektorunda əməkdaşlığın enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlığa da yol açdığını deyən Aida Sitdikova, bərpa olunan enerji üzrə “ACWA Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən pilot layihələrinin icra vəziyyəti, şəbəkənin gücləndirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.
Nazir müavini Samir Vəliyev bildirib ki, sözügedən layihələr üzrə 7 işçi qrupu tərəfindən torpaq sahələrinin ayrılması, elektrik enerjisinin satınalınması, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, layihələrin icrası ilə bağlı dövlət zəmanəti və digər müqavilələrin hazırlanması işləri görülür. Layihələr üçün torpaq sahələrinin ayrılması artıq yekunlaşmaq üzrədir. Sentyabrda isə tikinti fazasına başlamaq planlaşdırılır. Həmçinin bərpa olunan enerji ilə bağlı yeni qanunun qəbulundan sonra yeni istehsal gücləri üzrə layihələrin hərraca çıxarılacağını deyən nazir müavini bu prosesdə AYİB ilə səmərəli əməkdaşlıq edildiyini bildirib.
Görüşdə Bank ilə hərracların keçirilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi üzrə görülən işlərdən də bəhs edilib. Bildirilib ki, layihə çərçivəsində cari ilin aprel ayından küləyin sürətinin ölçmə işlərinə başlanılacaq.