<

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin tələbələri arasında onlayn görüş keçirilib. 
100-ə yaxın tələbənin qatıldığı görüşdə Energetika Nazirliyi və AERA-nın mətbuat katibləri Cahid Mikayılov və Günel Əhmədova qurumların əsas fəaliyyət istiqamətləri, yeniliklər, elektroenergetika, bərpa olunan enerji, eləcə də enerji tənzimləmə sahəsində prioritet istiqamətlər barədə ətraflı məlumat veriblər. Energetika sahəsində təhsil alan tələbələrin məlumatlılığının artırılması prosesinə dəstək vermək məqsədilə Energetika Nazirliyinin və AERA-nın internet resurslarından səmərəli istifadəyə diqqət çəkilib, müvafiq sahə üzrə məlumatların əlçatanlığı ətraflı müzakirə olunub.
Görüşdə tələbələrə hər iki qurumun rəsmi internet səhifələri və sosial media hesablarında mütəmadi yerləşdirilən energetika və enerji tənzimləmə sahələrinə aid məlumatların faydalılığından danışılıb, bu məlumatlardan istifadənin energetika sahəsində təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasında, ixtisas seçimində və intellektual potensialın gücləndirilməsində vacibliyi vurğulanıb. Qeyd edilib ki, bundan sonra da tələbələrin sahə üzrə məlumatlılıq səviyyələrinin artırılmasına töhfə vermək məqsədilə mütəmadi informasiya mübadiləsi görüşlərinin aparılması zəruridir.
Görüşdə, həmçinin tələbələri maraqlandıran suallar cavablandırılıb.
 

Digər xəbərlər