- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
ABŞ Dövlət katibi köməkçisinin birinci müavini Energetika Nazirliyində olub
Energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgisi, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, “Cənub Qaz Dəhlizi” layihəsi və Azərbaycanda energetika sektorunda həyata keçirilən son tədbirlərlə bağlı müzakirələr aparılıb.
Kent Loqsdon “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi və Balkanların enerji ilə təminatı baxımından mühüm rolunu qeyd edib və layihənin icra vəziyyətini yüksək qiymətləndirib.
Energetika naziri Pərviz Şahbazov isə “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşmaq üzrə olduğunu və bu prosesdə ABŞ-ın davamlı dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir Bolqarıstan-Yunanıstan İnterkonnektorunun (İGB) təməlinin qoyulmasını layihənin yeni mərhələdə inkişafının başlanğıcı adlandırıb və dəhlizi gələcəkdə qidalandıracaq əlavə mənbələr kimi işlənmədə olan yataqlar və onların ehtiyatlarından bəhs edib.
Görüşdə həmçinin, ölkədaxili qaza tələbat, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işlərə dair ətraflı müzakirələr aparılıb. Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı həyata keçirilən prosesdə ABŞ ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.