- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsinə dair Komissiyanın növbəti iclası keçirilib
“Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Komissiyanın sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yaşıl enerji keçidi istiqamətində həm qanunvericilik sahəsində, həm də genişmiqyaslı layihələrin icrası üzrə atılan addımların strateji əhəmiyyətini diqqətə çatdırıb.
İclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində həyata keçirilmiş tədbirlərlə bağlı hesabat təqdim edilib. Hesabatda müxtəlif layihələrin icra vəziyyəti, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat verilib.
Günəş enerjisi üzrə keçirilən hərracın cari mərhələsi, habelə bu istiqamətdə görüləcək tədbirlər müzakirə edilib. Qeyd olunub ki, hərracların səmərəli təşkili yaşıl enerji layihələrinə cəlb olunan özəl investisiyaların artırılmasına şərait yaradacaq.
Dünya Bankının dəstəyi ilə həyata keçirilən bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsi çərçivəsində görülən işlər barədə məruzə dinlənilib.
İclasda, həmçinin bp şirkəti tərəfindən həyata keçirilən “Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı görülən işlər diqqətə çatdırılıb. 240 MVt gücündə stansiyanın ölkəmizdə bərpa olunan enerjinin ümumi enerji istehsalında payının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyi və regionda ekoloji təmiz enerjiyə keçid prosesini sürətləndirəcəyi qeyd edilib.
İclasda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, SOCAR, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mərkəzi Bank, Minatəmizləmə Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələri iştirak edib.