- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
240 MVt-lıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesi ilin sonunda tamamlanacaq
Energetika Nazirliyi, “ACWA Power” şirkəti, ətraf mühit və idarəetmə üzrə məsləhətçi şirkət “5 Capitals” və "Eko Enerji" MMC-nin nümayəndələrinin iştirakı ilə onlayn formatda 240 MVt-lıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesinin cari vəziyyəti müzakirə edilib.
Energetika Nazirliyinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq 240 MVt gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə- Xızı və Abşeron rayonlarında ekoloji və sosial qiymətləndirmə prosesinə cari ilin mart ayından başlanılıb. Qiymətləndirmənin beynəlxalq tələblərə uyğunluğunun təmin ediməsi məqsədilə “ACWA Power” şirkəti tərəfindən prosesə məsləhətçi şirkətlər -“5 Capitals” və "Eko Enerji" MMC cəlb edilib. Hər iki ərazidə ilkin flora və fauna tədqiqatları aparılıb. Arxeoloji, botaniki, herpetoloji və radiasiya müşahidələri yekunlaşdırılıb.
Bildirilib ki, hazırda sosioloji sorğu, müşahidələr və qiymətləndirmə davam edir.
Növbəti mərhələdə isə hava, su və torpaq nümunələrinin laboratoriya şəraitində analizi, külək enerjisi layihələri üçün zəruri sayılan səsin monitorinqi və kölgənin modelləşdirilməsi ilə bağlı tədbirlər, həmçinin maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması planlaşdırılır.
Ətraf mühitə və sosial təsirin qiymətləndirməsi prosesinin 2020-ci ilin dekabr ayında başa çatdırılması və hazırlanmış yekun hesabatın ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Xatırladaq ki, 05 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. 2020-ci ilin 9 yanvar tarixində isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.