- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
240 MVt-lıq külək elektrik stansiyası layihəsinin icrası ilə bağlı görülən işlər müzakirə olunub
Energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin İdarə heyətinin sədri Məhəmməd Abunayyan ilə videokonfrans formatında görüş keçirib. Görüşdə qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma müqavilələrinin imzalanmasından sonrakı müddət ərzində görülən və planlaşdırılan işlər müzakirə edilib.
Nazir Azərbaycan Respublikası Prezidentinin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın beşinci iclasının keçirildiyini qeyd edib və iclasda külək elektrik stansiyası layihəsi ilə bağlı aparılmış müzakirələr haqqında məlumat verib.
Şirkət rəhbəri layihə üzrə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərdən danışıb. Hər iki tərəfdən layihənin icrasına cəlb olunan ekspertlərin peşəkarlığı yüksək qiymətləndirilib, səmərəli əməkdaşlığa görə təşəkkür edilib. Bildirilib ki, müqavilə tərəfləri arasında yüksək inam və etibarın olması layihənin vaxtında və uğurla tamamlanacağına əminlik yaradır.
Görüş zamanı sahə üzrə təlim, seminar, məlumat mübadiləsi tədbirlərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb, layihənin yalnız biznes layihəsi deyil, o cümlədən bilik və təcrübə transferi layihəsi olduğu qeyd edilib.
Xatırladaq ki, qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi ilə bağlı müvafiq müqavilələr Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə “ACWA Power” şirkəti arasında ötən ilin 29 dekabr tarixində imzalanıb.