<

2019-cu ilin I yarısında Energetika Nazirliyinin əlaqələndirici və 23 tədbir üzrə əsas icraçı olduğu “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə işçi qrupunun 2, strateji yol xəritəsinin prioritetləri üzrə alt işçi qruplarının isə 4 iclası keçirilib. İclaslarda strateji yol xəritəsinin Tədbirlər Planında 2018-2019-cu illərdə icrası nəzərdə tutulmuş tədbirlər, eləcə də monitorinq və qiymətləndirmə sualları ilə bağlı müzakirələr aparılıb, görülmüş işlər nəzərdən keçirilib, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışına dair təkliflər hazırlanıb.

Enerji mənbələri üzrə prioritetlərin müəyyən edilməsi üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması ilə bağlı beynəlxalq məsləhətçi şirkətlər və yerli mütəxəssislər tərəfindən tədqiqatlar aparılıb və ənənəvi mənbələr üzrə qaz və mazut, alternativ və bərpa olunan enerji mənbələri üzrə isə külək, günəş və bio enerji prioritetlər kimi müəyyənləşdirilib.

İnvestisiya qoyuluşları üzrə maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı strateji yol xəritəsində nəzərdə tutulmuş 420 MVt güc qoyuluşunun təmin olunmasının özəl investisiyalar hesabına həyata keçirilməsi məqsədilə stimullaşdırıcı tariflər, hərraclar və s. ilə bağlı beynəlxalq məsləhətçi şirkətlərin iştirakı ilə müvafiq qanunvericilik aktlarının layihələri işlənilib.

Əlavə istehsal güclərinin yaradılması tədbiri üzrə ölkənin 2025 və 2030-cu ilədək elektrik enerjisinə olan tələbatı proqnozlaşdırılıb və bu tələbatın ödənilməsi imkanları müəyyən edilib.

Alternativ və bərpa olunan enerji potensialının qiymətləndirilməsi üzrə də işlər həyata keçirilib və bu potensialdan istifadənin təmin edilməsi üçün beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə görüləcək işlərin vaxt qrafiki və planı tərtib edilib.

İnvestisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formasının seçilməsi üzrə müvafiq təkliflər hazırlanıb. Bu təkliflər özəl investisiyanın cəlbi üçün hüquqi və tənzimləyici mexanizmin formalaşdırılması, təşviqedici tədbirlərin tətbiqi, dövlət təminatlarının müəyyənləşdirilməsi və bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərin prioritetləşdirilərək hərraca çıxarılmasını nəzərdə tutur.

Səmərəliliyin artırılması məqsədilə icra mexanizmlərinin müəyyənləşdirilməsi çərçivəsində həm ötürücü, həm də paylayıcı şəbəkədə beynəlxalq məsləhətçi şirkətlərin tövsiyyələri əsasında səmərəliliyin artırılması üzrə tədbirlər həyata keçirilib.

Elektrik enerjisi verilişinin keyfiyyətini izləyən əsas icra göstəricilərinin tətbiq edilməsi üzrə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Almaniyanın VPC şirkəti, habelə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən əsas icra göstəriciləri müəyyən edilib. Bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılması təklif olunub.

Elektroenergetika sahəsində əsas tənzimləyici qanunun və digər əlaqəli sənədlərin təkmilləşdirilməsi üzrə “Elektroenergetika haqqında” qanun layihəsi beynəlxalq ekspertlər cəlb edilməklə yenidən işlənərək razılaşdırılması üçün Nazirlər Kabinetinə təqdim edilib. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsi hazırlanır. Layihəyə dair rəy və təkliflər müvafiq İşçi Qrupu tərəfindən müzakirə edilib.

Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi üzrə qaz sayğacIarına və xətlərinə kənar müdaxilə ilə əlaqədar yaranan itkiIərin hesablanması ilə bağIı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə” qərar layihəsi hazırlanıb. Sənəd razılaşdırılma mərhələsindədir.

Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə təminatının həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə araşdırmaların həyata keçirilməsi üçün vəsait ayrılıb və hazırda beynəlxalq şirkətin seçilməsi üçün tender prosesi yekunlaşmaq üzrədir.

İstilik təchizatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə “İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb və razılaşdırılaraq aidiyyəti üzrə təqdim edilib. İstilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi ilə bağlı isə hazırda Almaniyanın VPC şirkəti tərəfindən Bakı, Sumqayıt, Gəncə şəhərlərində istilik qazanxanalarının auditi aparılır.

2019-cu ilin I yarısında Energetika Nazirliyi tərəfindən həmçinin “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə görülmüş işlərə dair hesabat hazırlanaq İqtisadiyyat Nazirliyinə təqdim edilib. Tədbirlər Planının “Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi” tədbiri üzrə istehsal prosesində enerjidən səmərəli istifadəyə dair beynəlxalq nümunələri əks etdirən çap məhsulları hazırlanaraq “Azərişıq” ASC-nin Tədris Mərkəzinə təqdim edilib.

Hesabat dövründə “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin icraçısı olduğu tədbirlərlə bağlı işçi qrupunun isə 5 iclası keçirilib. İclaslarda tədbirlərin icra vəziyyəti təhlil edilib, yeni tapşırıqlara müvafiq rəy və təkliflər, monitorinq və qiymətləndirmənin nəticələri, işçi qrupunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə isə Energetika Nazirliyinin əsas icraçısı olduğu “Aqrar sahədə “yaşıl iqtisadiyyat”a keçid potensialının qiymətləndirilməsi və istixanaların istilik təchizatında alternativ enerji mənbələrindən istifadə edilməsi” tədbirinin icrası ilə bağlı Energetika Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə nümunə kimi seçilmiş istixanalardan birinin istilik təchizatında günəş kollektorları, bioqaz və termal su ehtiyatlarının potensialından istifadə etməklə pilot layihənin hazırlanması və həyata keçirilməsi təklif olunub.

Digər xəbərlər