<

2018-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 2085 ərizə və müraciət daxil olub.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin 979-u elektrik enerjisi, 618-i təbii qaz təchizatı, 488-i isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə müraciətlərin 361-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 123-ü enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 142-i enerji təchizatında yaranmış fasilələr, 162-i elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması,  191-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci il ərzində istehlakçıların qaz təchizatı ilə bağlı qeydə alınmış müraciətlərdən 87-i qaz xəttinə qoşulma, 76-ı qaz təchizatının dayandırılması və ya fasilələrlə verilməsi, 338-i sayğaclarda yaranan qüsurlar və izafi borcun yaranması, 117-i isə qaz təchizatında yaranmış digər problemlərə aid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən 1283-ü nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb, 60-a yaxın müraciət müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Xatırladaq ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazirliyin rəsmi internet səhifəsində “Elektron müraciət” bölməsi yaradılıb.

Digər xəbərlər