Energetika Nazirliyində ölkəmizin azadlıq uğrunda mübarizə tarixində xüsusi yer tutan 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək, 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğu qeyd edilib.

Tədbirdə 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyi və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyi diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev daim şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Bu gün qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad edib. Bu şanlı Zəfərlə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb.

Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

 

Digər xəbərlər