- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Brüsseldə Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası keçirilib
Brüsseldə Yüksək Səviyyəli Enerji Dialoqu çərçivəsində energetika naziri Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə biznes dairələri üçün Azərbaycan-Aİ Təmiz Enerji üzrə Dəyirmi Masası keçirilib.
Dəyirmi Masada Azərbaycanda bərpa olunan enerji, o cümlədən külək enerjisi, elektrik şəbəkəsi infrastrukturu və enerji səmərəliliyi kimi sahələrdə biznes imkanları təqdim edilib. Azərbaycanın təmiz enerji sektorunda Avropa özəl sektorunun iştirakının gücləndirilməsi üçün praktiki tədbirlərin müəyyənləşdirilməsi müzakirə olunub.
Azərbaycanın 2030-cu ilədək külək-günəş enerjisinin payını 38,7 faizə yüksəldən planlarının xarici və özəl şirkətlərlə həyata keçirildiyi, eləcə də Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yeni enerji bağlantılarının elektrik enerjisinin istehsalı və ötürülməsində Avropa şirkətləri ilə əməkdaşlıq üçün geniş imkanlar açdığı qeyd olunub. Energetika naziri Pərviz Şahbazov bildirib ki, yaşıl enerji dəhlizləri təşəbbüsləri tərəfdaşlığımızın yalnız Azərbaycan və Xəzər hövzəsində deyil, Mərkəzi Asiyada da genişləndirilməsi üçün fürsət yaradır: “Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin strateji baxışıdır və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin cari ilin iyul ayında Bakıya səfəri zamanı bu layihələri birlikdə inkişaf etdirməli olduğumuza dair razılıq əldə edilib. Çünki bunlar yalnız ekoloji baxımdan əlverişli layihələr deyil. Onlar, eyni zamanda enerji təhlükəsizliyinə mühüm töhfə verir və iqtisadi cəhətdən səmərəli layihələrdir.”
Komissar Dan Yorgensen isə deyib ki, Azərbaycan bərpa olunan enerji, regional bağlantıların inkişafı üzrə əhəmiyyətli imkanlar təklif edir: “Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var. Avropanın elektrik şəbəkələri üzrə texnologiyaları, avadanlıqları və mühəndislik təcrübəsi, eləcə də Avropa şirkətlərinin investisiya siyasəti bu planların həyata keçirilməsinə töhfə verə bilər.”
Müzakirələrdə “Xəzər-Qara dəniz-Avropa” dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının uğurla başa çatdırılması və layihənin növbəti inkişaf mərhələsinə keçməsi ilə əlaqədar olaraq, hazırda əsas diqqətin potensial investorların və strateji tərəfdaşların cəlb edilməsinə yönəldiyi qeyd olunub. Avropa şirkətləri “Xəzər-Qara dəniz-Avropa” dəhlizi və digər yaşıl enerji dəhlizilərində, eləcə də bərpa olunan enerjinin 2028-ci ildən başlanan növbəti inkişaf mərhələsində, həmçinin enerji səmərəliliyi sahəsində fəal iştiraka dəvət edilib.
Tədbirdə Azərbaycan Respublikasının Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “SOCAR Green”, Avropa Komissiyası ilə yanaşı, “WindEurope, “Siemens Energy”, “Vestas” kimi Avropa sənaye assosiasiyaları və şirkətləri təmsil olunub.