- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası keçirilib
Energetika Nazirliyində İctimai Şuranın sədri və üzvlərinin, eləcə də nazirliyin nümayəndələrinin iştirakı ilə Şuranın hibrid formatda növbəti iclası keçirilib.
İclasda Şuranın fəaliyyətinin təşkili, qarşıda duran vəzifələr və növbəti dövr üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub. Enerji təminatı, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, ictimai iştirakçılığın genişləndirilməsi və vətəndaşların enerji sahəsində məlumatlılığının artırılması kimi məsələlər nəzərdən keçirilib.
Bununla yanaşı, “Qaz qurğularının istismarı Qaydaları” layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İclas zamanı Şuranın 2026–2027-ci illər üzrə Fəaliyyət Planı müzakirə edilib. Plan çərçivəsində enerji sektorunun müxtəlif istiqamətləri üzrə dövlət qurumları, təhsil və elmi müəssisələr, enerji şirkətləri və digər maraqlı tərəflərlə görüş və müzakirələrin keçirilməsi, ictimai rəyin öyrənilməsi, eləcə də maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Gələcək fəaliyyət çərçivəsində akademik və elmi mühitin iştirakının genişləndirilməsi, müzakirə olunan məsələlərin xüsusiyyətindən asılı olaraq aidiyyəti mütəxəssislərin Şuranın iclaslarına dəvət olunması planlaşdırılır.
İctimai Şura enerji sektorunda ictimai iştirakçılığın genişləndirilməsi, aktual məsələlərin ictimai müzakirəyə çıxarılması, enerji sahəsində məlumatlılığın artırılması və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.