- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Elektroenergetika və bərpa olunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası keçirilib
Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında növbəti iclası keçirilib.
Nazirliyin aparat rəhbərinin müavini – Texniki Komitənin sədri Xalidə Məsimova çıxış edərək energetika sahəsi üzrə yeni standartların hazırlanmasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə Texniki Komitə üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib.
İclasda Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin nümayəndələri tərəfindən elektrik enerjisi saxlanc sistemləri, hava tənzimləmə qurğuları, istilik dəyişdiriciləri, lampa idarəetmə aparatları, fasiləsiz enerji təchizatı sistemləri, ölçü transformatorları və digər istiqamətlər üzrə 22 standart layihəsinin yekun variantları təqdim edilib. Layihələrin beynəlxalq standartların norma və tələblərinə uyğun tərtib olunduğu qeyd olunub, standartların məzmunu, layihələrə edilmiş dəyişikliklər, qurumların rəy və təklifləri müzakirə edilib.
Sonda Texniki Komitə üzvlərinin rəyləri nəzərə alınmaqla standart layihələrinin qəbul olunması üçün “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsi razılaşdırılıb.