Energetika Nazirliyi əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq çərçivəsində “Liderliyin əsasları və idarəetmə” mövzusunda təlim təşkil olunub. Təlim effektiv komanda idarəetməsi, qərar qəbuletmə, vaxtın düzgün idarə olunması, ünsiyyət və konfliktlərin həlli kimi müasir idarəetmədə mühüm əhəmiyyət daşıyan mövzulara həsr edilib.

DİM-in əməkdaşı Miranə Rüstəmli təqdimatla çıxış edərək liderlik və menecment anlayışları, onlar arasındakı əsas fərqlər, qərar qəbuletmə və məsuliyyət, idarəetmə fəaliyyətində etik və hüquqi çərçivənin nəzərə alınması məsələləri barədə ətraflı məlumat verib.

İştirakçılar beş əsas liderlik modeli, onların fərqli idarəetmə situasiyalarında tətbiqi xüsusiyyətləri ilə tanış olub, öz liderlik üslublarını müəyyənləşdirməyə dair praktiki tapşırıqlar yerinə yetiriblər. Həmçinin, vaxtın düzgün prioritetləşdirilməsi və idarə olunması, effektiv ünsiyyətin qurulması, konfliktlərin idarə edilməsi və emosional zəka ilə bağlı yanaşmalar nəzərdən keçirilib. Mövzular ətrafında qarşılıqlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ümumilikdə 25 əməkdaşı iştirak edib.

 

Digər xəbərlər