- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində insan hüquqları mövzusunda tədbir keçirilib
Energetika Nazirliyində 18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquq və azadlıqlarına həsr olunmuş tədbir keçirilib. Tədbir hüquqi maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil edilib.
Tədbirdə Nazirliyin aparat rəhbərinin müavini Xalidə Məsimova ölkəmizdə insan hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. İnsan hüquq və azadlıqlarının təbliği, gender bərabərliyi, insan hüquqlarının müdafiəsi və bu istiqamətdə maarifləndirmə təbliğatının artırılmasının vacibliyi vurğulanıb, ölkəmizin bu sahədə bir sıra beynəlxalq sənədlərə qoşuldugu diqqətə çatdırılıb. 18 may-18 iyun tarixlərinin "İnsan Hüquqları Aylığı" kimi qeyd olunması bu sahəyə verilən diqqətin bariz nümunəsi kimi dəyərləndirilib. Çıxışda, həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində gördüyü işlər, həyata keçirdiyi islahatlar və bu sahədə qanunvericilik bazasının formalaşdırılmasından bəhs edilib, Ulu Öndərin hüquqi dövlət quruculuğu prinsiplərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Nazirliyin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov çıxış edərək insan hüquqlarının təmin edilməsində enerji səmərəliliyinin rolu barədə danışıb. Enerji səmərəliliyinin insan həyatında rolu, sağlam, təhlükəsiz və əlverişli yaşayış mühitinin yaradılmasında, eləcə də enerji xərclərinin idarə edilməsi, ətraf mühitin çirklənmədən qorunması istiqamətində faydalarından bəhs olunub, son illər ölkəmizdə enerji səmərəliliyi sahəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb.
Dövlət proqramları və layihələr sektorunun əməkdaşı İlahə İbadova isə çıxışında ölkəmizdə qadınların hüquq və azadlıqlarının qorunması, bu sahədə milli qanunvericilik və beynəlxalq əməkdaşlıq, qadınların cəmiyyətdə rolu və hüquqları, dövlət siyasəti, idarəçilik, sahibkarlıq, dövlət qulluğu və digər sahələrdə qadınların mövqeyi və gender bərabərliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı geniş məlumat verib.
Tədbirdə Energetika Nazirliyinin Aparatı və tabeli qurumların 21 əməkdaşı iştirak edib.