Energetika nazirinin müavini Orxan Zeynalov 21-23 may tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən 21-ci GLOBSEC 2026 Forumunda iştirak edib.

Forumun “Enerji bazarlarında şok dalğaları və üstünlük uğrunda mübarizə” mövzusunda panel sessiyasında çıxış edən nazir müavini Azərbaycanın Avropanın və regionun enerji təhlükəsizliyinə töhfəsindən bəhs edib. Neft-qaz təchizatı coğrafiyasının genişlənməsindən danışılıb, ənənəvi enerji mənbələrinə, upstream layihələrinə investisiyaların cəlb edilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın Mərkəzi Asiya, Xəzər və Qara dəniz, Avropa, Yaxın Şərq arasında enerji bağlantısı körpüsü oldugu diqqətə çatdırılıb, ölkəmizdə yaşıl enerji keçidi layihələri, planlar və gələcək hədəflər, eləcə də yaşıl enerji dəhlizləri barədə məlumat verilib.

Forum çərçivəsində Çexiyanın sənaye və ticarət baş direktoru (sənaye və ticarət nazirinin müavini vəzifəsini icra edən) Rene Nedela ilə görüş keçirilib və enerji əməkdaşlığı sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, Çex Respublikasının Prezidentinin iştirakı ilə “Qlobal sistemli transformasiya” mövzusunda keçirilən GLOBSEC Forumu Avropanın təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyi və müdafiə potensialının gücləndirilməsi, texnologiya ilə geosiyasətin kəsişməsi, həmçinin yeni qlobal nizamın formalaşması kimi məsələlərin müzakirəsinə həsr olunub.

 

Digər xəbərlər