- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan - AYİB enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.
Görüşdə, əsasən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı və regional enerji bağlantıları üzrə layihələr müzakirə olunub.
Azərbaycanın bərpa olunan enerji sahəsində artan potensialı və bu istiqamətdə qarşıya qoyulan strateji hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə 2035-ci ilədək 8 QVt daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır. Məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı artırması çərçivəsində növbəti illərdə əlavə bərpa olunan enerji güclərinin milli enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin təhlili aparılır.
Görüşdə regional enerji interkonnektor layihələri və bu xüsusda Bankla əməkdaşlıq imkanları da nəzərdən keçirilib. “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan”, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizləri, eləcə də Naxçıvan və Ermənistandan keçməklə Türkiyə istiqamətində ötürücü xətlər üzrə layihələrin əhəmiyyəti vurğulanıb. Bu layihələrin həm enerji ixrac imkanlarının genişləndirilməsi, həm də regional enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından strateji rol oynadığı qeyd edilib.
Söhbət zamanı təbii qaz və Cənub Qaz Dəhlizinin inkişafı ilə bağlı məsələlərə də toxunulub. Enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub.