- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Rəqəmsal texnologiyaların tətbiqinə dair təlim keçirilib
Energetika Nazirliyində əməkdaşların rəqəmsal bacarıqlarının artırılması, müasir texnoloji yeniliklər barədə məlumatlandırılması məqsədi ilə “Rəqəmsal transformasiya və süni intellekt” mövzusunda təlim keçirilib.
ASAN İnnovativ İnkişaf Mərkəzinin əməkdaşı Nofəl Əliyev tərəfindən rəqəmsal transformasiyanın iş mühitində rolu, süni zəkanın yaranma tarixi, modelləri və bu alətlərin istifadə qaydaları, sorğuların düzgün hazırlanması haqqında ətraflı praktiki məlumat verilib, süni zəka alətlərinin enerji sahəsində tətbiqinə dair müzakirələr aparılıb. Bildirilib ki, rəqəmsal texnologiyaların tətbiqi və məlumat analitikasının istifadəsi enerji sektorunda səmərəliliyin artırılması, innovativ həllərin inkişafı üçün geniş imkanlar yaradır.
İnteraktiv təqdimatlar və praktiki nümunələr əsasında keçirilən təlimdə iştirakçılar müxtəlif süni intellekt alətləri ilə tanış olub, müvafiq mövzularda, o cümlədən, süni intellektdən istifadə zamanı məlumat təhlükəsizliyi ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.