- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Salyan Oil” əməliyyat şirkətində enerji idarəçisinin təyin olunması məqsədilə attestasiya keçirilib
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Salyan Oil Limited” əməliyyat şirkətində enerji idarəçisinin təyin olunması məqsədilə attestasiya keçirilib.
Energetika Nazirliyi, SOCAR Baş ofisi, "SOCAR Upstream Management International" MMC, GL şirkətlər qrupu və “Salyan Oil” əməliyyat şirkətinin nümayəndələrinin iştirakı ilə neft-qazçıxarma sahələrinə səfər edilib, müəssisədə enerji idarəçisinin funksiyalarının təşkili və enerji səmərəliliyinin artırılması istiqamətində görüləcək tədbirlər müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl də SOCAR-ın bir sıra müəssisə və idarələrində - “Neftqaztikinti” Tresti, “Kompleks Qazma İşləri” Tresti, “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İstehsalat Birliyi, Nəqliyyat İdarəsi, Qaz İxrac İdarəsi, Sosial İnkişaf İdarəsi, “Binəqədi Oil” şirkəti, eləcə də “Azərkimya” İstehsalat Birliyi, Qaz Emalı Zavodu, Heydər Əliyev adına Neft Emalı Zavodu, Metanol və Karbamid zavodlarında da enerji idarəçilərinin təyin olunması məqsədilə attestasiya keçirilib.
Xatırladaq ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci yarımbəndinə əsasən, illik enerji istehlakı 1000 ton neft ekvivalentindən (NET) çox olan təsərrüfat subyektlərində, habelə tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 NET-dən çox olan qeyri-yaşayış binalarında enerji idarəçisinin təyin edilməsi zəruridir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279.0.3-cü maddəsinə uyğun olaraq, enerji idarəçisinin təyin edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib.