- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Azərbaycan və Türkiyə enerji əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
Energetika nazirinin müavini Orxan Zeynalov və Türkiyənin xarici işlər nazirinin müavini Ayşe Berris Ekinci arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında neft, qaz və elektrik enerjisi sahələrində mövcud əməkdaşlığın uğurlu inkişafı yüksək qiymətləndirilib. Azərbaycanın iştirakı ilə həyata keçirilən dörd enerji interkonnektor layihəsi barədə məlumat verilərək, bu layihələrin ölkəmiz və regionun enerji dayanıqlılığında əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Naxçıvandan və Azərbaycanın digər bölgələrindən Türkiyəyə “yaşıl enerji”nin ixracı layihələrinin icrası nəzərdən keçirilib.
Həmçinin Azərbaycan-Türkiyə Enerji Forumu, “Şəfəq-Asiman” layihəsi, İğdır-Naxçıvan qaz kəməri və Azərbaycan qazının Suriyaya ixracı kimi uğurlu təşəbbüslərin ölkələrimiz arasında enerji tərəfdaşlığını yeni səviyyəyə yüksəltdiyi bildirilib.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi, Türkiyənin COP31-ə namizədliyi və digər perspektivli istiqamətlər üzrə də fikir mübadiləsi aparılıb.