Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında mövcud əməkdaşlıq çərçivəsində dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması, qanunvericiliyə dair bilgilərinin təkmilləşdirilməsi məqsədi ilə təlimlərin keçirilməsi davam etdirilir.

 “Səriştə əsaslı uğurlu liderlik: idarəetmə, düşünmə və inkişaf” mövzusunda keçirilən təlimdə DİM-in əməkdaşı tərəfindən ümumi səriştə modeli və onun növləri, yeni modelə keçidin səbəbləri, tələb olunan səriştələr və peşəkarlıq səviyyələri, qulluq funksiyaları ilə səriştələrin əlaqəsi, situativ liderlik yanaşması, idarəetmə üslublarının əməkdaşlara uyğunlaşdırılması haqqında ətraflı məlumat verilib. Səriştə modelinin tətbiqinə dair qruplararası praktiki tapşırıq icra edilib, verilən suallar cavablandırılıb.

Növbəti təlim isə “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi və korrupsiyaya qarşı mübarizə” mövzusunda təşkil edilib. Dövlət İmtahan Mərkəzinin təlimçisi etik davranış qaydalarının növləri, maraqlar toqquşmasının qarşısının alınması, xidməti davranış qaydalarına nəzarət, intizam məsuliyyəti tədbirlərindən bəhs edib. Korrupsiya anlayışı və onun növləri, hüquqpozmaların subyektləri və nəticələrinin aradan qaldırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti, bu sahədə milli qanunvericilik məsələləri müzakirə edilib, praktiki tapşırıqlar əsasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.

 

Digər xəbərlər