Energetika Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq çərçivəsində daxili kommunikasiyanın gücləndirilməsi, peşəkar bacarıqların artırılması məqsədilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Energetika Nazirliyində təşkil edilmiş budəfəki təlim “Peşəkar kommunikasiya və emosional zəka: komandadaxili birliyin artırılması” mövzusunda olub.

Təlimdə Dövlət İmtahan Mərkəzinin əməkdaşı təqdimatla çıxış edib. Ünsiyyət komponentləri, peşəkar kommunikasiyanın prinsipləri, növləri, strategiyaları, ünsiyyət zamanı yaranan baryerlər, emosional zəkanın iş həyatında istifadəsi, emosiyanın növləri, komandadaxili birliyin əsas elementləri, kollektiv işin ümumi uğura təsiri, güclü komandanın formalaşdırılması yolları haqqında geniş praktiki məlumatlar verilib, təlim iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Təlimdə Energetika Nazirliyinin Aparatı, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak edib.

 

Digər xəbərlər