- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Təmiz ətraf mühit və yaşıl enerji milli prioritetimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən energetika nazirinin müavini Elnur Soltanov qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir.
Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin və digər əməkdaşların ölkəmizin yaşıl enerji potensialı, həyata keçirilən bərpa olunan enerji layihələri, Mərkəzi Asiya və Avropa ölkələri ilə birgə reallaşdırılan yaşıl enerji dəhlizləri ilə bağlı çıxışları dinlənilib, bu layihələrin Azərbaycanın iqtisadi inkişafına verəcəyi töhfələrdən bəhs edilib. Qeyd olunub ki, yaşıl enerjidən istifadənin inkişafı bu gün ölkə başçısı cənab İlham Əliyevin müəyyən etdiyi enerji kursunun prioritet istiqamətlərindəndir və bu siyasətin əsasını enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlı inkişaf prinsipləri təşkil edir. Çıxışlarda həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən işlər və bu ərazilərdə həyata keçirilən layihələrin ölkəmizin enerji ixrac imkanlarını artırmaqla yanaşı ekoloji tarazlığın qorunmasına da xidmət etdiyi vurğulanıb.
Tədbirdə Energetika Nazirliyi Aparatının, həmçinin Nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 dekabr tarixli 432 nömrəli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib.