“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili”ndə Strategiyanın icrası çərçivəsində reallaşdırılan layihələrə diqqət çəkib, əldə olunan mühüm nailiyyətlərdən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması istiqamətində görülən işlərin ölkəmizin dayanıqlı inkişafına verdiyi töhfələr vurğulanıb.

Sonra İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Strategiyanın icrası çərçivəsində 2024-cü ildə aparılmış monitorinqin nəticələrinə dair ilkin qiymətləndirmə hesabatının layihəsini təqdim edib. “Yaşıl enerji məkanı” məqsədi üzrə aidiyyəti qurumlar tərəfindən yerinə yetirilmiş tədbirlərin icra göstəriciləri barədə məlumat verilib, dənizdə külək enerjisi potensialının araşdırılması, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması, enerji saxlanc sistemlərinin və karbon tutulması texnologiyasının tətbiqi, müxtəlif sahələrdə enerji səmərəliliyinin təmin edilməsi, yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün infrastrukturun qurulması, iqlim dəyişmələri üzrə milli məlumat bazasının yaradılması və digər istiqamətlər üzrə icra olunan tədbirlər müzakirə edilib.

Sonra digər qrup üzvlərinin ilkin hesabat layihəsinə dair məruzələri dinlənilib, Strategiya sənədi üzrə tədbirlərin cari ildə effektiv icrası ilə bağlı hədəflər, atılacaq addımlar, çağırış və tövsiyələr nəzərdən keçirilib.

“Yaşıl enerji məkanı” İşçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

Digər xəbərlər