- ANA SƏHİFƏ
- Xəbərlər arxivi
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına dair hibrid formatda kollegiya iclası keçirilib.
Kollegiya sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq cari ildə enerji sektorunda həyata keçirilmiş mühüm tədbirlər və əldə edilmiş nailiyyətləri qeyd edib. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi, enerji sahəsində irəli sürülən təşəbbüslərin beynəlxalq miqyasda geniş dəstək qazandığı və bu dəstəyin Konfransdan sonra da davam etdiyi vurğulanıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji təchizatı infrastrukturunun modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin payının artırılması və enerji səmərəliliyi sahəsində atılan addımların energetika sektorunun inkişafında mühüm rol oynadığı bildirilib.
Sonra iclasın gündəliyində olan məsələlərə dair məruzələr dinlənilib. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında Energetika Nazirliyinin məsul olduğu tədbirlərin 2024-cü ildə icra vəziyyəti haqqında hesabat təqdim edilib. Hesabatda il ərzində enerji sektorunda beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr, eləcə də bərpa olunan enerji sahəsində həyata keçirilən tədbirlərin nəticələri vurğulanıb.
İclasda, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planının layihəsi nəzərdən keçirilib, təsdiq edilməsinə dair qərar qəbul edilib.
Sonda kollegiya sədri növbəti ildə enerji sektorunun inkişafını hədəfləyən layihələrin reallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin səmərəli icrası ilə bağlı göstərişlər verib.