<

Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen və Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşüb.

Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüşdə Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olduğu və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edildiyi qeyd olunub. Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə mövcud vəziyyət, eləcə də Enerji Dialoqu və Məşvərət Şurası çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib. Görüşdə Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükü üzrə hazırda həyata keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”, eləcə də “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə inkişaf prosesləri diqqətə çatdırılıb. Avropa şirkətlərinin “yaşıl enerji” infrastrukturlarının qurulması və Xəzər dənizində külək enerjisinin istehsalı-ixracı və istehlakçılara çatdırılması istiqamətlərində iştirak imkanlarından bəhs edilib.

Söhbət zamanı COP29-un enerji təşəbbüsləri və birgə keçiriləcək tədbirlərlə əlaqədar fikir mübadiləsi aparılıb.

Nazir Pərviz Şahbazovun Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşündə isə ölkəmizin “yaşıl enerji keçidi” istiqamətində həyata keçirdiyi və planlaşdırdığı milli və beynəlxalq əhəmiyyətli layihələr barədə müzakirələr aparılıb. Bildirilib ki, 2027-ci ilədək ölkənin enerji sisteminə inteqrasiya ediləcək bərpa olunan enerji layihələri 2,5 milyard dollar investisiya dəyərindədir. Növbəti mərhələdə əsasən ixracyönümlü layihələrin həyata keçiriləcəyi, bu aspektdə “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərindən danışılıb. “Yaşıl enerji” dəhlizləri, enerji şəbəkələri, enerji sistemlərinin təkmilləşdirilməsi, hidrogen və enerji səmərəliliyi sahələrində Bankla investisiya əməkdaşlıq imkanları dəyərləndirilib. Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska Azərbaycanın bərpa olunan enerji layihələri üzrə atdığı addımları yüksək qiymətləndirib və Bankın ölkəmizlə “yaşıl enerji” tərəfdaşlığında maraqlı olduğunu ifadə edib.

Digər xəbərlər