<

Energetika Nazirliyi yanında İctimai şuranın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində ADPU-nun tələbələri ilə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda növbəti görüş keçirilib.

Tədbirdə vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərkəzin direktoru Tahir Süleymanov 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı qələbədən sonra ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən danışıb. “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və Azərbaycanın COP29-a sədrlik etdiyi cari il ərzində tələbələrin bərpa olunan enerjidən istifadənin faydaları, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülən işlərlə bağlı məlumatlandırılması istiqamətində bu görüşün əhəmiyyətini vurğulayıb. 

Energetika Nazirliyinin sektor müdiri Cahid Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yaşıl enerji keçidi sahəsində davam edən islahatlardan söz açıb, bu istiqamətdə icra edilən layihələr, əsas prioritetlər və yaşıl enerji ixracı ilə bağlı planlar haqqında məlumat verib. Cari ildə dövlət qurumları, təhsil müəssisələri və digər maraqlı tərəflərin bərpa olunan enerji və ətraf mühitin mühafizəsi kimi sahələrdə sıx əməkdaşlığının müvafiq mövzularda ictimai məlumatlılığın artmasına təkan verdiyini vurğulayıb.

Energetika Nazirliyi yanında İctimai şuranın sədri Şaban Nəsirov şuranın fəaliyyəti və müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında danışıb, müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətlərdə bilik və bacarıqlarının gücləndirilməsinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib. İctimai şuranın həm Energetika Nazirliyi ilə, həm də digər qurum və təşkilatlarla ADPU arasında körpü rolunu oynamağa hazır olduğu qeyd edilib.

Tədbir zamanı İctimai şura üzvlərinin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinə qarşı mübarizədə bərpa olunan enerji mənbələrindən istifadənin və yaşıllıqların artırılmasının əhəmiyyəti, su və enerji resurslarının səmərəli istifadəsi, tullantıların idarə olunması, karbon izinin azaldılması, enerji səmərəliliyinin artırılması, eləcə də ekoloji maarifləndirmə və cəmiyyətin bu sahədəki rolu kimi mövzularda çıxışları dinlənilib. Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, onların yaşıl enerji sahəsinə dair maraqlı fikirləri müzakirə edilib.

 

Digər xəbərlər