<

Sentyabrın 26-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə (ETŞ) qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Energetika nazirinin müavini, İşçi qrupun rəhbəri Samir Vəliyev iclası açıq elan edərək gündəlikdə duran məsələləri təqdim edib. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə Dünya Bankının “Business Ready” hesabatının metodologiyasında olan dəyişikliklər haqqında danışıb.

İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin üçüncü rübü ərzində icra vəziyyəti barədə hesabat dinlənilib.

Sonra elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın təqdimatı olub.

Elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar və onların yaratdığı üstünlüklərlə bağlı sahibkarların mütəmadi məlumatlandırılması məqsədilə təbliğat-təşviqat işlərinin intensivləşdirilməsi imkanları müzakirə edilib.

İclasda, həmçinin ETŞ-yə qoşulmanın təmin edilməsi məqsədilə trassanın razılaşdırılması, eləcə də ETŞ-yə qoşulma, güclərin artırılması və şəbəkə xətlərinin bərpası üçün texniki şərtin alınması zamanı sahibkarların qarşılaşdığı çətinliklərlə bağlı müzakirələr aparılıb.

İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri, “Yol Xəritəsi”nin icrasına bilavasitə cəlb olunan məsul şəxslər iştirak edib.

 

Digər xəbərlər