<

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə onlayn formatda növbəti kollegiya iclası keçirilib.

Kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq energetika sahəsində islahatların, strateji əhəmiyyətə malik layihələrin icrası və qanunvericilik bazasının gücləndirilməsi istiqamətində nazirliyin qarşısında dayanan vəzifələrin vaxtında və səmərəli icrasının vacibliyini vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq məruzələr dinlənilib.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqindən irəli gələn tapşırıqların icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verilib, elektrik enerjisi bazarının mərhələli şəkildə liberallaşdırılması istiqamətində görülər işlər müzakirə edilib. Liberal bazar elementlərinin mərhələli tətbiqi ilə bağlı Koordinasiya Şurasının yaradılması prosesi nəzərdən keçirilib.

Energetika Nazirliyində 2024-cü ilin birinci yarımili üzrə icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılması haqqında hesabat təqdim edilib. Müvafiq dövrdə struktur bölmələrə yönləndirilmiş müraciətlərin və nazirlik tərəfindən verilmiş icazələrin statistikası nəzərdən keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn tapşırıqların icrası, yerinə yetirilmiş və həyata keçirilməkdə olan tədbirlər, həmçinin Nazirliyin iş planı üzrə tapşırıqların icra səviyyəsi barədə məlumat verilib.

İclasın yekununda kollegiya sədri növbəti dövr ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və qarşıda duran vəzifələrin səmərəli icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

 

Digər xəbərlər