<

2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269,0 mln. kVt·st olub.

7 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 13 863,7 mln. kVt·st, SES-lərdə 1 867,3 mln. kVt·st, digər mənbələr üzrə isə 538,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 33,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 352,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 mln. kVt·st) nisbətən 1 077,6 mln. kVt·st artaraq 2405,3 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 323,0 mln. kVt·st (İES-lərdə 12 590,6 mln. kVt·st, SES-lərdə 1 732,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 mln. kVt·st (İES-lərdə 116,7 mln. kVt·st, SES-lərdə 124,2 mln. kVt·st, Günəş ES-də 36,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 25,1 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə isə 1 643,2 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 522,1 mln. kVt·st, idxalı isə 112,4 mln. kVt·st olub.

Qeyd edək ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 711,2 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin idxalı 16,9 mln. kVt·st, ixrac isə 78,9 mln. kVt·st təşkil edib.

 

Digər xəbərlər