<

Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunda “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib.

Çıxışda Azərbaycanın 30 il əvvəl Xəzərin neft-qaz resursları vasitəsilə enerji təhlükəsizliyinə, regionda sabitliyə və inkişafa nail olmaq siyasətinin bu gün nəhəng bərpa olunan enerji potensialının cəlbi ilə yeni səviyyəyə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, ənənəvi enerji təchizatçısı və COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan bütün növ enerji resurslarını enerji təchizatında etibarlılığın, eyni zamanda emissiyaların azaldılması və “yaşıl enerji”yə keçidin təmin edilməsi məsuliyyəti ilə inkişaf etdirir. Konvensional və təmiz enerji mənbələrinə bu cür yanaşma COP28 Konsensunda vurğulanan ədalətli, nizamlı və məsuliyyətli keçid üçün də mühüm şərtlərdəndir. Nazir hazırda dünyada fossil yanacağın maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlərə və uzunmüddətli tələbata dair zəmanətin yoxluğuna rəğmən Azərbaycanın bu gün tərəfdaşlarını qazla təchiz etmək missiyasına sadiq olduğunu və bu il proqnozlaşdırılan 24.3 milyard kubmetr qaz ixracının yarısının Avropaya tədarük ediləcəyini diqqətə çatdırıb. Həmçinin Azərbaycandan və üçüncü ölkələrdən qazın Türkiyə və Avropaya təchizatı ilə bağlı Sazişin, SOCAR və BOTAŞ arasında sənədlərin imzalanması ölkələrimizin qaz ixracı və tranzitində mövqeyini gücləndirən perspektivlər kimi dəyərləndirilib.

Energetika naziri deyib ki, bu onillik Azərbaycan Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpa olunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerjiyə keçid”də ölkəmizin regional liderliyi ilə əlamətdar olacaqdır. 1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağı, 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP zamanı elan ediləcəyi diqqətə çatdırılıb.

“2027-ci ilin sonunadək reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33%-ə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5.3 milyard kilovatsaat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, deyə nazir əlavə edib.

O da qeyd olunub ki, bərpa olunan enerjinin inkişafına dekarbonizasiya ilə yanaşı, post-konflikt quruculuğu və enerji tədarükü mənbələrinin şaxələndirilməsi kontekstində yanaşma bu gün Azərbaycanı “yaşıl enerji zona”ları və “yaşıl enerji dəhliz”ləri təşəbbüsləri ilə də ön plana çıxarır. Çıxışda “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması ilə bağlı atılan addımlardan bəhs edilib. Bildirilib ki, ölkəmiz regional “yaşıl enerji“ bağlantılarının qurulmasında mühüm rol oynamaqla yanaşı, bu yeni mərhələdə Avropanın enerji təchizatını “yaşıl enerji”, hidrogendən əlavə bərpa olunan enerji hesabına sərbəstləşən böyük həcmlərdə təbii qazla da şaxələndirəcək.

 

Digər xəbərlər